İyunun 21-də Azərbaycan Dillər Universiteti, Doğu Akdeniz Universiteti, EDUHEK (Education Technology and Consulting) və ELTA (English Language Teaching Assessment) qurumlarının təşkilatçılığı, Hi Languages, e-School, Nəsibə Aydın Yıldızlar Məktəbi və Hədəf Liseyi – STARS Campus-un tərəfdaşlığı ilə “Future of Learning” forumu baş tutacaq.
Təhsil sahəsində baş verən qlobal dəyişikliklər fonunda keçiriləcək bu tədbir müasir təhsil yeniliklərinin təqdimatı və beynəlxalq təcrübələrin paylaşılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq.
Forumun keçirilməsində əsas məqsəd iştirakçıların təhsil sahəsindəki ən son innovasiyalar, xaricidilli tədrisdə tətbiq olunan qabaqcıl metodlar və beynəlxalq proqramlarla bağlı bilikləri artırmaqdır. Eyni zamanda, müəllimlərin peşəkar inkişafına dəstək verərək, ikidilli tədris yanaşmaları, beynəlxalq imtahanların təşkili və beynəlxalq təhsil standartlarına uyğun metodların tətbiqi mövzularında təcrübə mübadiləsini genişləndirmək nəzərdə tutulur. Tədbir iştirakçıları innovativ təhsil alətləri və resursları ilə tanışlıq imkanı da əldə edəcəklər.
Forumun əsas hədəf auditoriyası ingilis dilində tədris aparan müəllimlər olmaqla yanaşı, digər fənn müəllimləri, məktəb rəhbərləri və təhsil sahəsində çalışan mütəxəssislərin də fəal iştirakına açıqdır. Tədbirdə çıxışlar yerli və xarici spikerlər tərəfindən, əsasən ingilis dilində təqdim olunacaq və təhsil sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Forumda IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis və mentor Ebru Hezen “Dünyaya açılan siniflər: IB və beynəlxalq şüur” mövzusunda, Azərbaycan Dillər Universitetinin baş müəllimi, beynəlxalq sertifikatlı (IELTS, TKT, TESOL, TEFL) təlimçi Aynur Əsgərzadə “Active Participation as a Catalyst for Effective English Language Acquisition” mövzusunda, BMT-nin Qlobal Məktəblər Proqramı üzrə mentor, “Shero” mükafatlı təhsil mütəxəssisi Burcu Önder Gürpınar “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü” mövzusunda, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə Tağıyeva “Qiymətləndirmənin gələcəyində rəqəmsallaşmanın rolu: Kompüterəsaslı imtahanlara milli və beynəlxalq baxış” mövzusunda, Hədəf Stars Campus-un icraçı direktoru, təhsil texnologiyaları üzrə mütəxəssis Şemsettin Beşer “Süni intellektin xarici dil öyrənməyə təsiri” barədə, Avropa Azərbaycan Məktəbinin icraçı direktoru, Caucasus & Central Asia IB Assosiasiyasının sədri Françesko Bençini “Rethink, Reform, Revolutionise” mövzusunda, Doğu Akdeniz Universitetinin professoru Cavanşir Şibliyev “Təhsildə süni intellekt” mövzusunda, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov Ed.M. “Cambridge Global Perspectives” kurikulumu çərçivəsində təcrübələrini paylaşacaqlar.
Təhsil sahəsində yenilikləri izləmək, beynəlxalq təcrübələri öyrənmək və praktik tətbiq imkanlarını genişləndirmək istəyən hər kəs bu mühüm forumda iştirak edə bilər.